ABŞ Müdafiə Nazirliyi(Pentaqon) “Ukraynanın təhlükəsizlik qüvvələrini gücləndirmək məqsədilə” 14 "VAMPIRE" (Vehicle Agnostic Modular Palletized ISR Rocket Equipment) anti-dron sisteminin tədarükü üçün "L3Harris Technologies" şirkəti ilə 40 milyon dollarlıq müqaviləni maliyyələşdirib.
Hafta.az “GORDON”a istinadla xəbər verir ki, bu barədə yanvarın 9-da şirkətin mətbuat xidməti məlumat yayıb.
"VAMPIRE" daşına bilən komplekti Ukrayna Quru Qoşunlarına düşmənin pilotsuz təyyarələrini hədəfə almağa və vurmağa, həmçinin düşmənin yerüstü təhdidlərindən müdafiə etməyə imkan verəcək. Müdafiə Nazirliyi tərəfindən sifariş edilən sistemlər Ukraynanın mülki infrastrukturuna hücumlardan müdafiəsinə kömək etməkdən ötrü kritik müdafiə vasitələrini təmin etmək üçün nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Müqaviləyə əsasən, "VAMPIRE"ABŞ hökumətinin təqdim etdiyi avtomobillərə quraşdırılacaq.
Sifariş edilən 14 sistemdən 4-ü 2023-cü ilin ortalarına qədər, daha 10-u isə 2023-cü ilin sonuna qədər təhvil veriləcək.
Pentaqon hərbi yardım paketində Ukraynaya "VAMPIRE" sistemlərinin veriləcəyini hələ 24 avqust 2022-ci ildə açıqlamışdı.